NOVRUZ BAYRAMI
Üçbucaq düzəldir göydə durnalar,
Bir tuğyan qoparır qara zurnalar,
Quşlar cəh-cəhilə gətirir bahar,
Gəlir bər -bəzəkli bayramlar yenə.
Gəlir evdən-evə Novruz sovqatı,
Bu gün maviləşir göylərin qatı,
Qovuşur xoş günə insan ovqatı,
Tonqallar çatılır axşamlar yenə.
Çəkilir uzağa şaxtalı qorxu,
Bahar qaranquşu gətirir sorğu,
Hələ yuxudadır ağaclar çoxu,
Əvvəl çiçək açır badamlar yenə.
Öpür hər tərəfi bahar nəfəsi,
Qapıda,bacada quşların səsi,
Açılır dostların bayram süfrəsi,
Yanır xonçalarda ağ şamlar yenə.
Boranı, soyuğu almır eyninə,
Geyir ağ paltarı bağlar əyninə,
Bir yenilik gəlir insan beyninə,
Saflaşır, nurlaşır məramlar yenə.
mənbə:
http://aymaral-can.tr.gg
نظرات شما عزیزان: